Baku Shipyard LLC

Ro-Pax tipli “Akademik Zərifə Əliyeva” bərə-gəmisi suya salındı və eyni təyinatlı “Azərbaycan” bərə-gəmisi istismara verildi.

01 Mart 2021 il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Bakı Gəmiqayırma Zavodunda Ro-Pax tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” bərə-gəmisinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” bərə-gəmisinin suya salınması mərasimində iştirak ediblər.

Ro-Pax tipli “Akademik Zərifə Əliyeva” bərə-gəmisi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunub.

Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” bərə-gəmisinin suya salınmasını bildirən düyməni basıb.

Birinci xanım Mehriban Əliyeva isə gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.

Sonra Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Ro-Pax tipli “Azərbaycan” bərə-gəmisinin istismara verilməsi mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev bərə-gəmisinin istismara verilməsini bildirən düyməni basıb.

Qeyd edək ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq.

“Azərbaycan” Ro-Pax/ Bərə Gəmisi İstismara Verildi

Özünəməxsus unikallığı ilə seçilən bu gəmilərin ümumi xarakteritikası, uzunluğu 154.50 metr, eni 17.70 metr, bortun hündürlüyü isə 7.5 metrdir. 30 nəfərlik heyətlə idarə edilən bu gəmilər saatda 14 knot sürətlə hərəkət edə biləcək.

Qısa beynəlxalq səfərlər üçün nəzərdə tutulmuş gəmilər 100 nəfər sərnişin tutumuna malik olmaqla yanaşı, T-1 ölçülü dəmiryolu vaqonlarının (Vaqon-çənlər 56 ədəd, Yarımvaqonlar 46 ədəd, Yük vaqonları 44 ədəd), avtomobillərin və yük maşınlarının (Yarımqoşqulu yük avtomobilləri 50 ədəd) daşınması imkanlarına malikdir.

Gəmilər 2600 kVt gücə malik iki ədəd əsas mühərrik, 188 t yük qaldırma qabiliyyətli yük lifti, helikopter meydançası, yan rampa, stabilizator sistemi, iki ədəd dartıcı lokomotivlə təchiz olunmuşdur.