Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.
Bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.
Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.
Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Kəlbəcər” neft tankeri Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş növbəti neftdaşıyan tankerdir. Bu tanker yerli mütəxəssislər tərəfindən inşa edilib.