Baku Shipyard LLC

Bakı Gəmiqayırma Zavodunda “Zəngilan” neft və kimyəvi məhsullar tankerinin suya salınması tədbiri baş tutub.

Bu gün Bakı Gəmiqayırma Zavodu MMC tərəfindən Azərbaycanda inşa edilən sayca ikinci neft və kimyəvi məhsullar daşıyan tankerin – “Zəngilan” gəmisinin suya salınmasına həsr olunmuş tədbir keçirilib. Media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə bildirilib ki, gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Zəngilan” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri tərəfindən hazırlanaraq, Bakı Gəmiqayırma Zavodunda inşa edilib. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.

 

Yeni nəsil “Zəngilan” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Gəminin Dedveyti dənizdə və çayda 8009 ton təşkil edən gəmi ən müasir avadanlıqlarla, o cümlədən hər biri 1,200 kW gücə malik iki ədəd baş mühərrik, yük nasosları, havalandırma sistemi, naviqasiya cihazları və separator ilə təchiz edilib.

 

Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatdıqdan sonra “Zəngilan” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq. Yeni nəsil “Zəngilan” tankerinin xarici sularda istismarı nəzərdə tutulur.

 

Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir.

 

2022-ci ilin sonunda istismara verilmiş ilk neft və kimyəvi məhsullar daşıyan tanker olan “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar tankeri üçrəngli bayrağımız altında xarici sularda istismar olunur.

 

Yerli mütəxəssislər tərəfindən inşa olunan növbəti tankerin suya salınması münasibətilə bu yolda əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq!

Share this page