Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il martın 19-da Bakı Gəmiqayırma Zavodunun təməlqoyma mərasimini həyata keçirmişdir və birgə müəssisə 10 may 2011-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq State Oil Company of Azerbaijan Republic (SOCAR), Azerbaijan Investment Company (AIC) və Keppel Offshore & Marine (KOM) tərəfindən təsis edilmişdir. Müəssisə Xəzər dənizində ən müasir gəmiqayırma və gəmi təmiri zavodunu inşa edərək istismara vermişdir.
20 sentyabr 2013-cü ildə Bakı Gəmiqayırma Zavodunun rəsmi açılış mərasimi keçirilmişdir.
Bakı Gəmiqayırma Zavodunun əsas fəaliyyəti dəniz köməkçi gəmilərindən, ümumi təyinatlı gəmilərdən, yedək gəmilərindən, kran gəmilərindən, ixtisaslaşdırılmış gəmilərdən və sərnişin gəmilərindən tutmuş tankerlərə qədər müxtəlif gəmilərin inşasından ibarətdir. Zavod eyni zamanda bu tip gəmilərin təmiri və konversiyası (yenidən qurulması) işlərini də həyata keçirir.
Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak edib
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yanında tikintisi nəzərdə tutulan müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi baş tutub. Prezident İlham Əliyev mərasimdə iştirak edib Zavodun modeli 25.000 ton metal konstruksiya, 15.000 ton tutumlu AHTS və ya PSV gəmisi olan 4 tanker (və ya 60.000-70.000 ton tutumlu “Caspian Max” tip 2 tanker), 80-100 müxtəliftipli gəminin təmiri üçün nəzərdə tutulmuşdur.


Zavodun tikintisi və istismarı üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Zavodun tikintisi 3,5 il ərzində başa çatdırılmışdır.
Prezident İlham Əliyev Bakı Gəmiqayırma Zavodunun açılış mərasimində iştirak edib
20 sentyabr 2013-cü ildə Prezident İlham Əliyev Bakı Gəmiqayırma Zavodunun açılış mərasimində iştirak etmişdir. Azərbaycanın iqtisadi və sənaye potensialının möhkəmləndirilməsində mühüm rol oynayan Bakı Gəmiqayırma Zavodunun tikintisi ölkədə həyata keçirilən böyük infrastruktur layihələrindən birinə çevrilmişdir. Zavod bütün növ gəmilərin tikintisini, təmirini və ümumi dəniz mühəndisliyi xidmətlərini həyata keçirir.



