Baş nazir zavodda görülmüş işlər, bugünədək icra olunmuş və potensial layihələrlə tanış oldu.
Tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirildi.
Müşavirədə zavodun fəaliyyəti, həmçinin onun istehsalat gücünün artırılması planları ilə bağlı təqdimatlar edildi, ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulandı.
Eyni zamanda zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzun müddətli kreditlərin cəlb edilməsi, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpa olunan enerji istehsalı üçün zavodun texniki imkanlarının genişləndirilməsi məsələləri müzakirə edildi.
Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verildi.
Daha sonra zavodun ərazisində fəhlələrlə görüş oldu.