Bakı Gəmiqayırma Zavodu MMC

“Laçın” Neft Daşıyan Tanker istismara verildi

13 dekabr 2019 tarixində Azərbaycanda İnşa edilən İlk Neft Daşıyan Tanker “Laçın” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştraki ilə, istismara verilməsinə həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev və  “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri İmanverdi Həsənov dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər. Sonra isə, Prezident İlham Əliyev “Laçın” Neft Daşıyan Tankerinin istismara verilməsini bildirən lenti kəsib və düyməni basıb.

Davamında cənab Prezident “Bakı Gəmiqayırma Zavodu” MMC-də Sərnişin, Avtomobil və Dəmiryolu vaqonları Daşıyan “Azərbaycan” Bərə gəmisinin suya salınmasına həsr olunmuş tədbirində də iştirak edib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda əlavə üç ədəd eyni tipli Neftdaşıyan Tankerlər inşa olunur.

Özünəməxsus unikallığı ilə seçilən bu gəmilərin layihəsi Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanmışdır. Gəmilərin ümumi xarakteritikasına gəlincə isə, uzunluğu 141 metr, eni 16.9 metr, hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən bu gəmilər saatda 10 uzel sürətlə hərkət edə biləcəklər. Tankerlərin hər biri xam neft və neft məhsulları daşınması üçün ümumi tutumu 9212 kub metr olan 6 yük tankına malikdirlər. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan tankerlər iki ədəd hər biri 1,200 kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

Yeni Neft Daşıyan Tankerinin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı Gəmiqayırma Zavodunun növbəti uğurudur. Zavod Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığının aradan qaldırılmasına xidmət edərək, Xəzər donanmasını müasirləşdirməyə imkan verir.

Onu da qeyd etmək lazımdır ki, Bakı Gəmiqayırma Zavodu 20 sentyabr 2013- cü ildə, cənab prezident İlham Əliyevin iştirakı ilə rəsmi fəaliyyətə başlamışdır və hal- hazırda burada əsas etibarilə yerli işçilərdən ibarət olmaqla 1600 nəfər heyət çalışmaqdadır.