Fransanın Azərbaycandakı Səfiri “Bakı Gəmiqayırma Zavodu” MMC İlə Tanış Olub
12 mart 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros “Bakı Gəmiqayırma Zavodu” MMC- ni (BGZ) ziyarət edib və zavodun fəaliyyəti ilə yaxından tanış olub. Yüksək səviyyəli qonağı salamlayan BGZ- nin baş meneceri İmanverdi Həsənov ilk öncə xoşməramlı ziyarətinə görə cənab Zakari Qros- a öz təşəkkürünü bildirib, daha sonra ötən dövr ərzində zavodun həyata keçirdiyi və hal-hazırda davam edən layihələrlə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verib. Görüşdə həmçinin gələcəkdə gəmi təmiri və gəmi tikintisinin inkişaf perspektivləri, Xəzəryanı ölkələrin bu prosesdəki rolu və s. məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən fransalı səfir ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi, gəmiqayırma və gəmi təmiri sahəsində də əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayaraq fəaliyyəti müddətində bu əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Sonda burada yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq BGZ- yə gələcək fəaliyyətində uğurlar arzulayıb.