Bakı Gəmiqayırma Zavodu MMC

Bu gün Bakı Gəmiqayırma Zavodunun (BGZ) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışının 5 ili tamam olur

Azərbaycanın İqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan BGZ- nin tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir.

Zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, zavod ixrac potensialının gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Fəaliyyət göstərdiyimiz 5 il ərzində, Xəzər hövzəsinin ən müasir tərsanəsi və gəmi təmiri mərkəzi olaraq bir sıra uğurlu layihələrə imza atmışıq. Zavodun ilk sifarişi SOCAR tərəfindən verilən bir ədəd 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisinin tikintisi olmuş və 2013-cü ilin dekabrında sifariş razılaşdırılmış vaxtda yerinə yetirələrək təhvil verilmişdir.

SOCAR-ın müştərək müəssisəsi olan “Caspian Drillinq Company” Ltd şirkətinin sifarişi ilə inşa edilən 6-cı nəsil yarımdalma qazma qurğusunun pantonları və üst göyərtələrinin tikintisi də Bakı Gəmiqayırma Zavodunda həyata keçirilmişdir. Bundan əlavə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 3 ədəd sərnişin gəmisi də tikilərək istismara verilmişdir.

Zavodun ən böyük sifarişi isə “Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisi barədə BP şirkəti Şahdəniz  konsorsiumu ilə 2014-cü il 17 aprel tarixində bağlanan müqavilədir. Gəminin tikintisi 2017-ci ilin sentyabr ayında tamamlanmış və təhvil verilmişdir. “Xankəndi” hal- hazırda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Xəzər Dənizinin Azərbaycan sektorunda ikinci inkişaf mərhələsi üçün səfərbər olunmuşdur.

Eyni zamanda bu günə qədər Zavodumuzda 120-ə yaxın suüstü təmir və tərsanə təmir işləri həyata keçirilib. Bu müddət ərzində zavod Təhlükəsizlik və Keyfiyyətə nəzarət standartlarına dair beynəlxalq sertifikarlara layiq görülüb.

Onu da qeyd etmək lazımdır ki, zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqla təchiz edilmişdir. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur.

Paylaş