İşədüzəltmə dələduzluğu ilə bağlı Xəbərdarlıq!

İşədüzəltmə dələduzluğu müxtəlif şəxslərin iş axtaranlara yalandan işə düzəltmə vədləri verərək onlardan pul tələb edilməsi və ya şəxsi məlumatların, bank hesablarının əldə olunaraq öz maraqları üçün istifadə edilməsi hallarıdır.

Son zamanlar bəzi fırıldaqçı şəxslərin Bakı Gəmiqayırma Zavodu (bundan sonra BGZ) adından saxta iş təklifləri edərək iş axtaran şəxslərdən müəyyən məbləğdə ödəniş tələb etməsi, eləcə də müxtəlif formalarda şəxsi məlumatların əldə edilməsi cəhdlərini nəzərə alaraq vətəndaşlardan ayıq-sayıq olmalarını xahiş edirik.

BGZ-nun işə qəbul prosesinə aid aşağıda qeyd edilmiş bəzi əsas məqamları bilməyiniz sizi bu kimi dələduzluq hallarının qurbanı olmaqdan qoruya bilər:

  • BGZ-da işə qəbul prosesində namizədlərlə əlaqə yalnız (012) 446-49-44 nömrəsi və ya hr@bakushipyard.com vasitələri ilə həyata keçirilir;
  • Müsahibə və peşə bacarıqlarının yoxlanılması üzrə sınaq imtahanları yalnız Zavodun ərazisində (ünvan: Qaradağ rayonu, Bakı-Salyan şosesi, 25-ci km) və əvvəlcədən bizim tərəfimizdən təyin edilmiş vaxtda həyata keçirilir;
  • BGZ-da müsahibədə iştirak etməyən, eləcə də müsahibə və ya sınaq imtahanlarının nəticələri uğurlu olmayan heç bir namizədə iş təklifi edilməsi mümkün deyil;
  • Müsahibələrdən uğurla keçmiş namizədlərə yalnız BGZ-nun İnsan Resursları departamentinin nümayəndəsi tərəfindən və yuxarıda qeyd edilən əlaqə vasitələrindən biri ilə iş təklifi edilə bilər və işlə əlaqədar sualları cavablandırmaq yalnız onun səlahiyyətindədir;
  • Vəzifədən və peşədən asılı olmayaraq bütün işçilər işə qəbuldan əvvəl Zavodun göndərişi ilə təyin edilmiş klinikada heç bir ödəniş etmədən tibbi müayinədən keçirilir;
  • Tibbi müayinə nəticəsində əmək fəaliyyətinə yararlı olduğu təsdiq edilmiş şəxslər işə başlamazdan bir neçə gün əvvəl İnsan Resursları departamentinin nümayəndəsi tərəfindən təyin edilmiş gündə işə qəbul üçün zəruri sənədləri toplayaraq müəssisəyə təqdim edir;
  • İstər tibbi müayinə, istərsə də digər bütün işə qəbul mərhələləri tamamilə ödənişsizdir və namizədlərdən pul tələb edilə bilməz.

Nəzərinizə çatdırırıq ki, dələduzluq halları əsasən mobil nömrələr, e-mail və digər sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Əgər işə qəbulla bağlı şübhəli zəng və ya müxtəlif tipli elektron informasiya vasitələri ilə məlumat almısınızsa, bu iş təkliflərinin saxta olma ehtimalı yüksəkdir və bu kimi şübhəli hallarla rastlaşdığınızda dərhal hüquq mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.

Bundan əlavə, bizə aid olmayan əlaqə vasitələrindən biri ilə sizdən şəxsi məlumatların təqdim edilməsi tələb olunduğu hallarda və ya hər hansı bir şəxs və ya şirkət tərəfindən BGZ adından təqdim olunan iş təkliflərinin bizə aid olub-olmamasını yoxlamanız mütləqdir və bunun üçün dərhal (012) 446-49-44 nömrəsi və ya hr@bakushipyard.com ünvanı vasitəsilə bizə müraciət etməyinizi xahiş edirik.